www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Su ehtiyatları

Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay vardır ki, onların da çoxunun (7860) uzunluğu 10 km-dən azdır.Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır. Respublikanın daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış və onların axımının əsas hissəsi yaz dövrünə düşür. Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Azərbaycan Respublikası arid zonada yerləşir, onun su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 mlrd.kbm təşkil edir və quraqlıq illərdə 22,6 mlrd. kbm-ə qədər azalır. Yeraltı su ehtiyatları 5,2 mlrd. kbm-dir. Respublikada orta illik su çatışmamazlığı 4,5-5 mlrd. kbm arasında dəyişir. Yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından xaricdə formalaşır.

Daxili çayların əsas sərfi yaz dövrünə düşdüyündən və əksəriyyətinin axımı tənzimlənmədiyindən, sel və daşqın sularından tam istifadə etmək mümkün olmur. Sellər və daşqınlar hər il ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur. Onların zərərli təsirinə yüzlərlə yaşayış evi, min hektarlarla əkin sahələri, dəmir və avtomobil yolları, elektrik xətləri, qaz kəmərləri, kanallar və kollektorlar, hidrotexniki qurğular, digər mühəndis kommunikasiyaları məruz qalır. Daxili çayların sulu dövrü əsasən yaz və payız mövsümlərinə təsadüf etdiyinə və onların əksərinin axımı tənzimlənmədiyinə görə, bu sulardan səmərəli istifadə etmək mümkün olmur.

Hazırda respublikada orta illik su çatışmazlığı 3,7 kub km, az sulu illərdə isə 4,75 kub km təşkil edir. Çaylardan ekoloji, energetika və digər məqsədlər üçün məcburi su buraxmalarını nəzərə alsaq, su çatışmamazlığının miqdarı təsəvvür edilməz qiymətə malik olacaqdır.

Ümumiyyətlə, respublikada il ərzində 10-13 kub km su istifadə olunur ki, onun 60-70%-i kənd təsərrüfatının, 20-25%-i sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir.

Qlobal iqlim dəyişilmələrli ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzunsürən quraqlıqlar və son 2-3 ildə çaylarda baş verən sel və daşqınlar ölkə iqtisadiyyatına və əhalisinə xeyli zərər vurmuşdur.

Ümumi su tutumu 640 mln.kbm olan su anbarları təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş 20%-ni ərazilərində qaldığı üçün onların sularından uzun illərdən bəri istifadə edilməsinin mümkün olmaması su qıtlığı sahəsində respublikada yaranan gərginliyi daha da dərinləşdirir.

Su çatışmamazlığı ilə yanaşı, çayların, xüsusi ilə transsərhəd çaylarının sularının Ermənistan və Gürcüstan respublikalarının ərazisində çirklənməsi və keyfiyyətlərinin pisləşməsi ölkədə sosial-ekoloji gərginliyi artıran əsas amildir.

Bir çox illərdir ki, bu dövlətlərin ərazisindən axan Kür, Araz, Oxçuçay və digər transsərhəd çayları yüksək dərəcədə çirklənmiş halda Azərbaycan ərazisinə daxil olur. Hətta Ermənistandan axan Oxçuçay kritik dərəcədə çirkləndiyinə görə ölü çay adlanır.