www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Haqqımızda

 Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən əkinçiliyin inkişafı suya olan tələbatı daha da artırmışdır. Belə bir şəraitdə suvarma suyunun düzgün bölüşdürülməsi və onun idarə edilməsi mühüm əhəmiyyət kəsb edirdi. O dövrlərdə su bölgüsünə, növbələşməyə və ondan düzgün istifadə etmək məsələlərinə bəy və mülkədarlar tərəfindən təyin edilən mirab, cuvar, abjar və bəndivançılar baxırdılar. Demək olar ki, su təsərrüfatının idarə edilməsi üçün vahid bir sistem mövcud deyildi. 

Xalqımızın suvarma məsələsinə böyük qiymət verərək ona qayğı göstərmiş və suvarmanı həmişə əkinçiliyin əsası hesab etmişdir. Azərbaycan əkinçiləri çoxəsrlik təcrübənin nəticəsi olaraq bu sahədə bir sıra suvarma üsulu və qaydalarına, adət və ənənələrinə yiyələnmiş, bununla da suvarma suyundan müəyyən qədər səmərəli istifadə etmək vərdişinə sahib olmuş və suvarma əkinçiliyi sahəsində tarixi bir inkişaf yolu keçmişdir. Torpaqların suvarılmasına diqqət XIX əsrin sonu XX əsrin əvvəllərində daha da artmışdır.

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bu illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir.

Su təsərrüfatı sistemlərinin mərkəzləşmiş qaydada idarə edilməsinə Azərbaycanda Sovet Hakimiyyətinin bərqərar olduğu dövrdən başlanmışdır. Belə ki, 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi, 1921-ci ildə Azərbaycan Xalq Əkinçilik Komissarlığının Su İdarəsi, 1923-cü ildə mərkəzi Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən Zaqafqaziya Su Təsərrüfatı idarəsinin Azərbaycan üzrə müvəkkilliyi, 1925-ci ildə isə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.

O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılmışdır.

1993-cü ildə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin adı dəyişdirilərək Respublika Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. 23 oktyabr 2004-cü il tarixdə Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar göstərilən Komitə ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.