www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

 Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaradıb. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli mərasim iştirakçıları.

Bu gün biz İmişli rayonunda yeni önəmli infrastruktur layihəsinin istismara verilməsini qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək.

İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir.

Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb. Bu, çox gözəl göstəricidir. Xüsusilə, əvvəlki dövrü nəzərə alsaq görərik ki, bu istiqamətdə böyük irəliləyiş var. Elektrik enerjisi ilə təchizat yaxşılaşır və demək olar ki, bu sahədə heç bir problem yoxdur. Bu gün biz “Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzinin açılışını edəcəyik. Sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilmişdir. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib.

Bu gün biz İmişlidə “ASAN Həyat” mərkəzinin açılışını qeyd edəcəyik. Bu, çox önəmli sosial layihədir. Bildiyiniz kimi, “ASAN” bizim intellektual məhsulumuzdur. Azərbaycan bu intellektual məhsulu artıq xarici ölkələrə də ixrac edir. “ASAN Həyat” mərkəzində yerli vətəndaşlar, xüsusilə gənclər üçün 180-dən çox iş yeri yaradılıb. Qırxdan çox könüllü “ASAN xidmət” mərkəzində işləyəcək. Bu mərkəzdə 300-dən çox müxtəlif xidmətlər göstəriləcək. Əminəm ki, İmişli rayonunda sosial, ictimai xidmət sahələrində böyük irəliləyiş olacaqdır.

Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək.

Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür.

İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq.

Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq.

Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır.

Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq.

Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur.

Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, - gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, - torpaq vergisi istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq.

Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir.

Son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb. Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin.

Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik. Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq.

Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır.

Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

Daha sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları.

Azərbaycan ta qədimdən suvarma əkinçiliyi tətbiq olunan ölkə olsa da, XX əsrin əvvəllərində ilk meliorasiya tədbirləri Azərbaycanda aparılsa da, amma meliorasiya, su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ulu Öndərimiz həmişə meliorasiya, su təsərrüfatı obyektlərinin açılışında iştirak edər və camaatı təbrik edərdi. Bu ənənəni davam etdirən cənab Prezidentimizə bu gün belə bir obyektin açılışına gəldiyinə görə, melioratorlar adından, su təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, son 15 ildə Azərbaycanda çox böyük işlər görülüb. Siz ümumi şəkildə dediniz, həmin illərdə 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub.

İstifadəyə verilən gündən Taxtakörpüdə bugünkü günə 2 milyard kubmetr su olub, Şəmkirçay su anbarında 1 milyarda yaxın su yığılaraq respublika əhalisinin istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi çox böyük olmasa da, qısa müddətdə 100 milyona yaxın su yığılıb. Yığılan bu su xalq təsərrüfatına, bizim iqtisadiyyatımıza və əhalimizə sərf olunub. Qeyri-rəsmi dünya qiymətləri ilə götürsək, cənab Prezident, bu suyun dəyəri təxminən 3 milyarda yaxındır. Sizin gördüyünüz bu işlər sayəsində əhalimizə görün nə qədər xeyir dəyir.

On beş iI ərzində 2 min 234 subartezian quyusu qazılıb. Bu, 2 min 234 kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb olan tədbirlərdir. Ötən il bizə göstəriş verdiniz ki, Azərbaycanda meliorasiya olunan, su təchizatı olan 100 min hektar torpağı istifadəyə vermək lazımdır. Bu, çox mürəkkəb bir iş idi, amma biz o tapşırığı icra etməkdə heç bir çətinlik çəkmədik. Çünki Siz hərtərəfli dəstək oldunuz, lazımi vəsait ayırdınız, eyni zamanda, bu köməklə yanaşı, yüksək tələbkarlıq göstərdiniz. Biz keçən il 103 min hektara yaxın torpaqda meliorativ tədbirlər apardıq, suvarma suyu ilə təchizatı yaxşılaşdırdıq. Onun bu il yenə də davam etdirilməsini tapşırdınız, həmin məsələlərin həlli üçün lazım olan vəsaitin ayrılmasına kömək göstərdiniz. Biz Sizə məruzə edirik ki, ilin axırınadək yeni suvarılan sahələri, meliorasiya olunan torpaqları və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpaqları Azərbaycan kəndçisinə təhvil verəcəyik. Bunlar Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Bu müddətdə yaradılan aqroparklar, yeni təsərrüfatlar, onların istehsal etdiyi məhsulun hamısı Sizin dəstəyinizlə əkin dövriyyəsinə daxil edilən yeni sahələrin hesabınadır.

Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalıb. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub.

Bu il Sizin tapşırığınızla çəkilən Neftçala magistral kanalı tam istifadəyə verilir. Orada 10 min hektardan çox sahə meliorasiya olunur. Sabirabad rayonunda artıq “H” kanalında yekun işlər görülür, 16 min hektar torpaq istifadəyə verilir, onun 1600 hektarı Biləsuvar rayonuna aiddir. Hər yerdə bu sahədə işlər gedir və nəticələri də göz qabağındadır. Bu gün açılışına toplaşdığımız bu kanalın çəkilişi üçün Sizin tapşırığınızla 2010-cu ildə selə qarşı mübarizə tədbirləri görməyə, Araz çayının yeni qol-kanalını tikməyə başladıq. O vaxt biz yeni qolun 5 kilometr uzunluğunda kanalını suvarma üçün açdıq. Eyni zamanda, Yuxarı Muğan kanalının üzərində üçgözlü 500 metr uzunluğunda dəmir-beton dunker və başqa qurğuları tikdik. Siz bu zonanın su təchizatını yaxşılaşdırmaq üçün böyük işlər görürsünüz.

2016-cı ildə Sizin İran İslam Respublikasında səfərdə olarkən cənab Ruhani ilə apardığınız danışıqların nəticəsi olaraq Xudafərin, Qız qalası hidroqovşaqlarının, Xudafərin su anbarının tikilməsi məsələsi ilə bağlı saziş imzalandı. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Həm suların yığılması və selə qarşı mübarizə tədbirlərinin görülməsi, həm də orada yığılan sulardan həmin torpaqların suvarılmasına bu kanalın çəkilməsi imkan verdi. Biz bununla bağlı müraciət etdik, Siz tapşırıq verdiniz. Qısa müddətdə biz 54 kilometr uzunluğundakı kanalın torpaq kanalı şəklində tikintisi barədə Sizə hesabat verdik. Siz məsələ qaldırdınız ki, bunu beton kanal etsək daha yaxşı olar və Siz bunun üçün də vəsait ayırdınız. Biz kanalı beton etməklə əvvəl 40 min hektara su çatırdısa, kanalın suqalxma qabiliyyətini artırmaq, itkiləri azaltmaq və torpaqların meliorasiya vəziyyətinin pisləşməsinin qarşını almaqla, həmin o ərazini 53 min hektaradək artıra bildik. Bunun 26 min hektarı Saatlı rayonundadır, ora heç su dəyməyən torpaqlardır. Təmiz məhsuldar torpaqlardır, orada işləmək olar, 16 min hektara yaxını İmişlinin torpaqlarıdır. Bunun 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Yəni, indi qol-kanalların çəkilməsi üçün vəsait ayırdınız və hazırda onlar da çəkilir. Gələcəkdə orada 175,46 kilometr qol-kanallar çəkilməklə bu torpaqlardan tam istifadə etmək olar. Eyni zamanda, kollektor-drenaj şəbəkələrin çəkilməsi, xüsusilə Yuxarı Muğan kollektorunun yenidən qurulması ilə bu torpaqların meliorasiya vəziyyətini tam yaxşılaşdırmaq mümkündür. Siz bunlarla kifayətlənmədiniz və bizə tapşırdınız ki, Ələt-Astara yolunun sağında, solunda olan torpaqları da araşdırın. Bu gün Sizə məruzə edirəm ki, həmin ərazidə 30 min hektar yeni suvarılan sahəni əkin dövriyyəsinə vermək olar. Yəni, biz onları layihə şəklində hazırlayıb, Sizə təqdim edəcəyik.

Cənab Prezident, bugünkü açılış çox əlamətdar bir dövrdə keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin başçısı kimi, Siz Türkiyə Respublikasında bu vaxtadək olmayan ən böyük müəssisənin, SOCAR-ın “Star” neft emalı zavodunun açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyə Respublikasında tikilməsi mühüm hadisədir və hamımızı çox sevindirir. Bu layihənin müəllifi də Sizsiniz, təşkilatçısı da. Bu uğur və böyük tədbirin keçirilməsi münasibətilə bütün melioratorlar adından Sizi təbrik edirik. Söz veririk ki, bundan sonra da bizim qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik. Melioratorlar Sizin tapşırıqlarınızı həmişə yerinə yetirməyə hazırdırlar.

Diqqətinizə görə sağ olun.

Sonra mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, “MKT” İstehsalat Kommersiya MMC-nin İmişli filialının direktoru Oqtay Gülmaliyev, “İD – Aqropark” MMC-nin təsərrüfat rəhbəri Sədafər Hüseynov və “Aqropark Yaşıl Ada” MMC-nin icraçı direktoru Fərhad Bağirov çıxış etdilər.

Daha sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verdilər. 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayının gursulu illərdə çayda baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Texniki İqtisadi Əsaslandırma ilə həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda onun birinci mərhələ üzrə baş suqəbuledici qurğu daxil olmaqla, 5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub.

Perspektivdə Biləsuvar və Sabirabad rayonlarının daha 10 min hektar azməhsuldar sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub və bu il inşaat işlərinə start verilib.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Onu da deyək ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə son illərdə regionlarda mütərəqqi suvarma texnologiyalarının tətbiqi ilə aqroparklar, iri fermer təsərrüfatları və müasir heyvandarlıq kompleksləri yaradılıb. Bu da qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayıb. Bu işlərin davamı olaraq Saatlı, Biləsuvar və İmişli rayonlarında pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafı məqsədilə aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub. Aqroparkların yaradılması regionlarda iqtisadi potensialın, kənd təsərrüfatında istehsalın artmasına, məhsulların keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına, özünütəminetmə səviyyəsinin və regionlarda əhalinin məşğulluğunun yüksəlməsinə, ixrac potensialının genişlənməsinə töhfə verəcək. Araz çayının yeni qol-kanalı da regionda kənd təsərrüfatının inkişafına, xüsusilə aqroparkların yaradılmasına geniş imkanlar açır. Torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi sahibkarlar tərəfindən 454 milyon manat investisiya qoyuluşuna və 5000-dək yeni iş yerinin açılmasına şərait yaradacaq. Bu layihələr çərçivəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin təşkili, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun əkilməsi, nar və xurma bağlarının salınması həyata keçiriləcək. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı təsərrüfatlarda ildə 176 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı gözlənilir. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur.

Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65,2 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb və iki aqroparkın ümumi dəyəri 15,9 milyon manat olan layihələrinə investisiya təşviqi sənədi verilib. Hazırda 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə görülən işlərə dövlət tərəfindən 329,7 milyon manat maliyyə dəstəyi göstərilib. Bundan başqa, 15 aqropark üzrə 25 layihəyə investisiya təşviqi sənədi verilib. Görüləcək işlər nəticəsində, ümumilikdə, 10 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. İlin sonunadək daha 13 aqropark fəaliyyətə başlayacaq. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində dəyəri 600 milyon manatdan çox olan məhsul istehsalı gözlənilir.

Sonda xatirə şəkilləri çəkdirildi.