www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Həyata keçirilmiş tədbirlər

Meliorasiya və su təsərrüfatı sahəsində islahatların sürətləndirilməsi və sahənin idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə 1996-2005-ci illərdə islahat proqramı həyata keçirilmişdir. Proqramda meliorasiya və su təsərrüfatı sahəsində aparılan islahatların məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, obyektləri və subyektləri, islahatların ardıcıllığı müəyyənləşdirilmişdir.

Respublikanın bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aparılan aqrar islahatı nəticəsində torpaq üzərində yeni mülkiyyət formalarının yaranması su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində münasibətlərin köklü surətdə dəyişməsinə gətirib çıxartmışdır.
Ötən müddət ərzində islahatların aparılması üçün normativ-hüquqi baza yaradılmış, bir sıra praktiki tədbirlər işlənib həyata keçirilmişdir. Meliorativ fondların inventarlaşdırılması aparılmış, özəlləşdirmə Proqramına əsasən dövlət mülkiyyətində saxlanılan və su istifadəçilərinin istifadəsinə veriləcək obyektlər müəyyənləşdirilmişdir.

Bu sahədə «Meliorasiya və İrriqasiya haqqında» (1996-cı il), «Azərbaycan Respublikasının Su Məcəlləsi» (1997-ci il), «Bələdiyyələrin su təsərrüfatı haqqında» (2001-ci il), «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» (2003-cü il), “Meliorasiya və İrriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» (2004-cü il) və s. kimi Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir.

Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının təitbiq edilməsini, su təsərrüfatı sistemlərinin və onların idarəçilik prinsiplərinin təkmilləşdirilməsini tələb etdiyindən bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, «Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə» təsdiq edilmiş və 1 yanvar 1997-ci ildən başlayaraq suvarma suyundan pullu istifadəyə keçilmiş, su istifadəçilərinin təşəbbüsü ilə yerlərdə 585 Sudan İstifadəedənlər Assosiasiyaları yaradılmışdır. Assosiasiyalar suvarma suyunun istehlakçılar arasında bölüşdürülməsi və onlardan səmərəli istifadə edilməsi üzrə fəaliyyət göstərirlər. «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» (2004-cü il) Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Assosiasiyalar Sudan İstifadəedənlər Birliyi kimi yenidən qeydiyyatdan keçirlər. Artıq 240 Assosiasiya Sudan İstifadəedənlər Birliyi kimi yenidən qeydiyyatdan keçmişdir və bu istiqamətdə işlər davam etdirilir.