Suvarma Sistemlərinin İstismarı Şöbəsi

Suvarma Sistemlərinin İstismarı şöbəsi tabelikdə olan idarələr tərəfindən su təsərrüfatı obyektlərində istismar və təmir-bərpa işlərinin aparılmasını, sudan istifadə planları və su limitləri əsasında su istehlakçılarının suvarma suyu ilə təmin olunmasını təşkil edir,  istismar tədbirləri, əsaslı və cari təmir işlərinin, suvarma mövsümünə hazırlıq, sel və daşqınlara qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinə nəzarət edir, hidroqovşaqların, su anbarlarının, suvarma kanallarının, digər hidrotexniki qurğuların, nasos stansiyaların, subartezian quyularının, hidromexaniki avadanlıqların, elektrik təsərrüfatının, maşın və mexanizmlərin normal istismarını təmin edir, idarələrin bu sahədəki fəaliyyətinə nəzarət edir və bu sahədə idarələrə lazımı köməklik göstərir.

Şöbə idarələrin istismar tədbirləri və əsaslı təmir planlarının layihələrini hazırlayır, idarələrin bu sahədəki fəaliyyətinə, nasos stansiyalarının və subartezian quyularının işinin suvarma normaları və qaydalarına uyğun olaraq Cəmiyyət tərəfindən verilmiş elektrik enerjisi və yanacaq limitləri əsasında həyata keçirilməsinə nəzarət edir, Sudan istifadə edənlər Birliklərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir, tabelikdə olan idarələr tərəfindən xidmət etdiyi ərazilər üzrə sudan istifadə planlarının hazırlanmasını və yerli İcra Hakimiyyəti orqanları ilə razılaşdırmaqla Cəmiyyətə təqdim olunmasını təşkil edir, Cəmiyyət üzrə yekun sudan istifadə planlarını tərtib edir. tabelikdə olan idarələr tərəfindən xidmət eldiyi ərazidə əkin sahələrinin suvarılmasının uçotunun aparılmasını və bu barədə vaxtında Cəmiyyətə məlumatların verilməsini təmin edir, sudan pullu istifadə planlarının icrasına nəzarət edir, sudan istifadə barədə aylıq məlumatlar və Sudan İstifadəedənlər Birlikləri üzrə məlumat bazasını hazırlayır.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin şöbənin Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.