Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub.

about1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.

İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.

Prezident İlham Əliyev Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub.

Bildirildi ki, işğal dövründə on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olub. Mövcud su anbarlarının qəsdən məhv edilməsi isə Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.

İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Hazırda bərpası nəzərdə tutulan su anbarlarının istifadəyə verilməsi ilə bu məsələ həllini tapacaq.

İşğal dövründə Ermənistan məqsədli şəkildə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin strateji kursuna əsasən, bərpa prosesi zamanı sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanları təkmilləşdirilir. Bu, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

22.04.2022 08:42