Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XV iclası keçirilib

about1

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XV iclası keçirilib. İclas Rusiya Federasiyasının Dağıstan Respublikasında təşkil olunub.

 Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

İclasda sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

13.12.2018 00:00